2007, 17 dəq. 32 san., 4:3, 2-kanallı, rəngli
Sənədli, eksperimental
Müəllif: Teymur Daimi
Sinopsis
Gənc cütlük parkda istirahət edir. Ətrafda coşqun şəhər həyatı qaynamaqdadır – yaxınlıqdan insanlar, maşınlar, avtobuslar, göyərçinlər ötüb-keçir... Amma cütlüyü heç nə maraqlandırmır, çünki xoşbəxtlik onların gözlərini tutub. Onlar mehriban söhbət edir, öz-özlərinin fotolarını çəkir və arada bir-birilərinə söykənib mürgüləyirlər. İdillik mənzərə, müxtəlif fəlakətləri (təyyarə qəzası, zəlzələ və s.) əks etdirən kadrlarla kəsilməkdədir.
Beləliklə, layihənin ideyası şəffaf və sadədir və o, növbəti sual şəklində formullaşa bilər: əgər planetin müxtəlif yerlərində çoxlu sayda faciəvi hadisələr baş verməkdədirsə və gözlənilməz ekzistensional qırıqlıq vəziyyəti istənilən anda sənin müntəzəm sürdüyün həyata (indicə və buradaca) soxula bilərsə, elə həmin bu vaxt aşiqlərin daldıqları idillik mühit nə dərəcədə möhkəmdir?
...Hər şeyi udan ölüm okeanının (yoxolma, yoxluq) tən ortasında insanın kiçik və zəif bir xoşbəxtlik adası (varolma)...
Sonuncu
2011, 81 dəq., 16:9, DV, rəngli
Ssenari müəllifi, rejissor, montaj edən və səs rejissoru: Teymur Daimi
Operatorlar: Teymur Daimi, Fərhad Babayev
Rəssam: Samir Qafarov
Prodüserlər: Teymur Daimi, Əli-İsa Cabbarov
İcraçı prodüser: Vidadi Rüstəmov
İstehsalçı: Butafilm
Rollarda:
Aleksandr Həkimov, Rəna Əhədzadə, Basat Qorçu, Cabir Zeynalov, Nigar Köçərli, Fərizə Babayeva, Tatyana İvanayeva
Sinopsis:
Film, “Sonuncu” adlı fəlakət kitabını “yazmış” fantast yazıçıdan bəhs edir. Dillər əzbəri olan “dünyanın sonu” haqqında yazılmış bu kitab yazıçıya böyük şöhrət gətirib...
Yazıçının özü də gözləmədən özünün məşhur kitabında təsvir etdiyi həyatsız aləmə düşür. Başqa sözlə, həqiqətdə özü öz əsərinin qəhrəmanına çevrilir.
Sevgi? O olmasın, bu olsun.
2010, 26 dəq. 19 san., 4:3, DV, ağ-qara
Qısametrajlı, bədii
Ssenari müəllifi, rejissor, operator, montaj edən: Teymur Daimi
Bəstəkar, səs rejissoru: Firudin Allahverdi
Rollarda:
Cavid Hüseyn
Aytən Şirzadova
Teymur Daimi
Nazilə Hacıyeva
Nadya Safi
Nigar Səfərli
Sinopsis:
Bulvarda gənc oğlan “sevdiyi” qızla görüşür. Amma bir problem var: qız özünü müsəlman hesab edir və müasir dünyanın bəyəndiyi çox şeyi sevmir. Qızdan fərqli olaraq, oğlan hər məsələdə azad olmağı üstün tutur və ümid edir ki, qızın fikrini dəyişə biləcək, buna görə, qızı müasir incəsənət sərgisinə dəvət edir. Sərgidə o, qızın diqqətini radikal, təhrikedici əsərə yönəldir, amma qızın müasir incəsənətdən zəhləsi getdiyindən, oğlanın gözlədiyinin əksi baş verir: qız birdəfəlik ondan üz döndərir. Amma oğlan çox qəm eləmir – sərgidə o, başqa, daha geniş zövqlü qıza rast gəlir... Necə deyərlər, o olmasın, bu olsun.
Paranairs
2009, 18 dəq. 20 san., DV, 2-kanallı video, rəngli,
Sənədli, eksperimental
Müəllif: Teymur Daimi
Sinopsis:
Bu eksperimental film, harada oyandığını, ətrafda nələrin baş verdiyini dərk edə bilməyən qəribə bir adam haqqındadır. Onun yerdəyişmələr etdiyi hansısa bir otağın içərisi isə özündən də qəribədir. Film narrativ deyil, fabula fakturaların, vizual metaforaların, rəssamlıq allüziyalarının oyunları ilə doludur, eyni zamanda, sürrealist və abstraksionistlərin yaradıcılıqlarını xatırlamağa istiqamət göstərir. Filmin məna və kompozisiya quruluşu kino-avanqard və video-art sənətindəki kəşflərdən ilham almışdır. Bu filmi yaradarkən, rejissor əsasən formal və suqqestiv məsələləri həll etmişdir.
Özəl xəritə
2009, 60 dəq. 4:3, DV, rəngli.
Sənədli.
Teymur Daiminin filmi
Film – müasir rəssamın (rejissor, alim, musiqiçi və s.) öz peşə fəaliyyətinə uyğun olaraq, həmişə dünyanı gəzməyə məcbur olması və hər dəfə bir yerdən başqa yerə (şəhər, ölkə, qitə və s.) gedəndə tədricən köksüz, ənənəsiz, Vətənsiz (və s.) bir insana çevrilmək təhlükəsi ilə üzləşməsi haqqındadır. Beləliklə, o, (qloballaşmış dünyanın adamı), qərbin büt intellektuallarından biri sayılan Jak Attalinin dediyi yeni köçəriyə çevrilir ki, nə doğulduğu yeri, nə də əsl mənəvi mənbələrinin harada olduğunu xatırlayır. Mənim də yuxarıda qeyd etdiyim peşəkarlar kateqoryasına aid olduğumdan, mən də eynilə həmin təhlükələrlə qarşılaşıram.
Atəşin çağırışı
2003, 12 dəq., 3:4, video DV, rəngli
Film-pritça
Ssenari müəllifi: Teymur Daimi
Rejissor: Teymur Daimi
Quruluşçu operator: Cavanşir Cavadov
Montaj: Elçin Muxtarov
Rəssam: Teymur Daimi
Aktyorlar: Tərlan Rəhimli, Babək Marifoğlu
Səs rejissoru: Cavanşir Cavadov
Studiya: Caspian Supplies
Film gənc oğlan haqqındadır. O, qəribə bir personajla rastlaşır və… onun ardınca gedərək, tamamilə başqa məkan və zamana yuvarlanır. Orada Atəşpərəstlərin Zərdüşt məbədində susqun Atəş elminə qovuşur.
Məbədin ürəyi
2005, 29 dəq. 15 san., 4:3, video (DV), rəngli
Sənədli
Ssenari müəllifi: Teymur Daimi
Rejissor: Teymur Daimi
Quruluşçu operator: Cavanşir Cavadov
Bəstəkar: Lalə Cəfərova
Montaj: Rauf Əhmədov
Rəssam: Teymur Daimi
Səs rejissoru: Cavanşir Cavadov
Səs operatoru: Fərhad Namazov
Kompyuter qrafikası: Aydın Kələntərli
Aktyorlar: Zümrüd Qasımova, Elnur İsmayılov
Prodüser: Fuad Muxtarov
Studiya: Caspian Supplies, Azərbaycan
1.Qədim sehrli məbədin sirlərini dərk etməyin özünə məxsus nadir yolunun axtarılması və tapılması (əslində isə bu - hər bir adamın öz “daxilində” olan Mənəvi Məbədin fiziki aləmdə maddiləşməsidir). Beləliklə, planetin ən vacib müqəddəs yerlərindən birinin sirrini, mahiyyətcə yaradıcı olan dərketmə prosesi, o yeri axtaran üçün gözlənilmədən özünüdərketmə prosesinə dönür, onun öz daxili aləminin (= həyatının, taleyinin, ruhunun, qəlbinin) sirrini dərketmə faktına çevrilir...
2.Yuxarıda deyilənlərdən belə hasil olur ki, istənilən müqəddəs yerin tədqiqatı öz vacibliyilə, tədqiq edəni öz daxilinə, şəxsi daxili təcrübənin əhəmiyətliliyinə istiqamətləndirir və əgər o “daxili təcrübə” yoxdursa, kənardan əldə olunan hər hansı bilik mənasız və faydasız olur, çünki mənəvi Ürəyin “qanıyla suvarılmayıb”...
Transkommunikasiya: mənaların müdaxiləsi
2012, 20 dəq. 50 san., 4:3, rəngli
Eksperimental
Konsepsiya, quruluş, montaj və prodüserlik: Teymur Daimi
Bəstəkar: Elmir Mirzəyev
“Transkommunikasiya: mənaların müdaxiləsi” adlı media-layihə, Bakı şəhərinin Fəvvarələr Meydanındakı böyük monitorda nümayiş etdirilmiş konseptoloji metafilmdir. Onun əsas informasiya vahidi ənənəvi kinodakı kimi təsvir/obraz deyil, suqqestiv sözlər/reklam sloqanları – məşhur Hollivud filmlərinin teqlaynları, həmçinin bəzi başqa ifadələrdir...
Filmin vizual strukturu bir-birini əvəz edən hərəkətli (video) və statik (foto) təsvirlərin, poster, film fraqmentlərinin, yaxud dəyişən mücərrəd rənglərin fonunda müəyyən ritm və ardıcıllıqla görünən söz-cümlələrdən ibarətdir. Beləliklə, Hollivud kinosu estetikasının konseptual olaraq yenidən formatlanması həyata keçirilir: Hollivud məhsullarını həmişə fərqləndirən diqqətçəkiciliyə və aqressiv təsvir sırasına vurğu, bu və ya başqa filmin ideya mahiyyətini açan nonspektakulyar əsasa keçid alır. Bundan əlavə, bu işin “kinosentrizm”ini (belə ki, diqqət mərkəzində kinematoqrafik əsərlərin molekulyar strukturlarıdır) nəzərə alaraq media-layihəni psixo-kino-kulturoloji tədqiqat kimi də təsəvvür etmək olar...
Örtük altında
Müasir insan İntibah və Maarifçilik dövrünün yetişdirməsi olduğundan, özünü dünyada bütün məxluqlardan üstün, ən qüdrətli varlıq sanır. Amma buna baxmayaraq, o, hələ də Varlığın Sirri qarşısında acizdir.
Etdiyi hər şey, onun məhdud insan dünyasının formatında yer alır. Sanki insanla dünyanın arasında, həyatımızı sirli və dərkolunmaz edən bir pərdə var.
Filmdə əsas (və yeganə) hadisə axını asta meditatif tempdə, qara örtük altında, yanan şamların əhatəsində cərəyan edir. Baş verənlərdən yaranan mistik atmosfer bütövlükdə, Sirrin burada olması hissini yaradır.
Biz (tamaşaçılar) sanki gözləyirik ki, indi nəsə baş verəcək və sirr açılacaq. Amma, vəziyyətə azacıq da olsa aydınlıq gətirə biləcək heç nə baş vermir.
...Sirr özü özünü qoruyur və biz, eynən həyatımızın burada və indi mənasını da dərk edə bilmədiyimiz kimi, həmin örtük altında nə baş verdiyini də heç vaxt bilməyəcəyik. Biz İLAHİ QÜVVƏNİN küləyi ilə uçurulub HEÇNƏnin vahiməli labirintinə sovrulan korlara bənzəyirik...
Pəncərə
Pəncərə. Pəncərədən baxış. "O", pəncərədən çöldə baş verənləri seyr edir: eyni mənzərəni, sutkanın dəyişməsini: gecə, səhər, gündüz, axşam və yenə gecə. O, tərpənmədən seyr edir, sanki kənar bir Şahiddir. Bir şey baş verərkən və onun ardınca baxışın itməli olduğu halda belə "O", qeyb olmur, seyr etməyə davam edir – beləcə, neytral və tam obyektiv müşahidə. Çünki Şahid əbədi olaraq mövcuddur və bu dünyanın dəyişkənliyi ona toxunmur.