Bizdə müasir incəsənət infrastrukturu yoxdur

 

Rəssam, kinorejissor, fəlsəfə doktoru, tənqidçi və müasir incəsənət nəzəriyyəçisi Teymur Daimi

 

– Azərbaycanda peşəkarların çox az hissəsinin müasir incsənətə aidiyyəti var. Bizdə müasir incəsənət infrastrukturu formalaşmayıb, incəsənət hələ də marjinal bir məfhum qismində mövcuddur. Mədəniyyət sahəsində, əsasən, kitç (bayağı, yalançı incəsənət) və folklor üstünlük təşkil edir. Əgər Rusiyanı, Gürcüstanı, Ukraynanı nəzərdən keçirsək, görərik ki, Azərbaycan onlardan bu mənada xeyli geri qalır. Başqa ölkələrdən isə o qədər də geridə deyil.

Mən kommersiya işi ilə yaradıcı işi bir-birindən ayırmıram. Mən peşəkaram və buna görə də, işin sifarişlə və ya özüm üçün görülməyindən asılı olmayaraq, mənim işim yüksək keyfiyyətli və kreativ olmalıdır.

 

 

 

 

İncəsənətlə maraqlanan müştərilərin dərəcələrə bölgüsü yoxdur, çünki onların sayı onsuz da çox deyil. Alıcılar bir qayda olaraq transmilli şirkətlərin işçiləri, oliqarxlar, məmurlar, əcnəbilər, qısası, varlı adamlardır. Bəzən həqiqi sənətsevərlərə də rast gəlinir, lakin əksəriyyət əsərləri yenə də, dəb naminə alır. Mən alıcılara şəkilləri onların dünya görüşündən, intellektual səviyyəsindən və nə qədər mütərəqqi olmasından asılı olaraq təklif edirəm. Bizim cəmiyyət müxtəlif seqmentlərə bölünüb: bəzi sənətsevərlər bir rəssamı bəyənirlər, digərləri isə başqasının işlərini bəyənir. Ümumi kumirlər, pərəstiş edilən rəssamlar yoxdur. Əsərlərin qiyməti fərdidir. Təzə işə başlayan rəssamların orta hesabla iki yüz manatlıq əsərlərindən tutmuş, tanınmış rəssamların onlarla min manatlıq əsərlərinə qədər.

 

Qeyd etdiyim kimi, bizdə müasir incəsənət infrastrukturu olmadığı üçün, dövlətin, qalereyaların köməyi o qədər də əhəmiyyətli deyil və sistemsiz xarakter daşıyır. Bizdə rəssam da elə ölkənin istənilən digər bir sakininin qarşılaşdığı problemlərlə rastlaşır.

 

Rəssam nadir hallarda öz yradıcılığı hesabına özünü dolandıra bilir, buna hələ çox var. İnkişaf etmiş ölkələrdə də vəziyyət bundan o qədər də yaxşı deyil. Orada da rəssamların əksəriyyəti başqa hansısa bir işlə də pul qazanmağa məcburdurlar.

 

Sənətkar olmaq istəyən yeni başlayan rəssamlara bəzi tövsiyələr verə bilərəm. Əgər söhbət müasir incəsənətdən gedirsə, o zaman, onlar dünya incəsənət səhnəsinə inteqrasiya etməyə çalışmalıdırlar. Yaxşı ki, indi bədii layihələrin həyata keçirilməsinə qrant ayıran çoxlu fondlar və art-institutlar var. Dilləri öyrənmək, İnternetlə savadlı şəkildə işləməyi bacarmaq, lazımi əlaqələr tapmaq, müxtəlif müsabiqələrdə, festivallarda və digər tədbirlərdə iştirak üçün müraciətlər etmək lazımdır.

 

http://www.biznesinfo.az/custom/expertquestion/answer/params/ln/az/article/75036