İtən Cismanilik

 

Müəlliflər: İlqar Tahiri, Teymur Daimi

 

Vaxt: 1998

 

Cismanilik – müasir mədəniyyətin hakim anlayışlarından biridir. Onun aktuallığı, Həyatı öz yüksək mənəvi dəyərində qorumaq ideyası nəticəsində ortaya gəlmişdir. Cismaniliyin İntibahı – gerçəkliyin canlı məzmununu metodik şəkildə məhv edən müasir texnoloji sivilizasiyanın saxta dəyərlərinə qarşı yüksək estetik etirazdır. Elektron-kompüter təsviri sistemi cisimlərin canlılığını sıxışdırmaqdadır. Virtual reallıq şəxsiyyətin daxili aləmini uğurla axtalayır. “Son vaxtın” əsas nailiyyəti isə hər yerə soxulmuş internetdir ki, o da bütün üstün cəhətləri ilə yanaşı, qara dəlik rolunu oynayır və zərərsiz informasiya mənbəyi kimi görünməklə yanaşı, insanı kompüter aksessuarına çevirib onun şüurunu sovurur.

 

Layihənin ideyası – Cismaniliyə diqqət yönəltməkdir. Mövcudiyyətin əbədi fenomenləri Cismanilik ilə bağlıdır: xəstəlik, doğuluş, ölüm, qorxu, qan, şok, seks və s. Layihəni insan üzünün fraqmantlərini əks etdirən fotoşəkillər təşkil edir. Bu fotoşəkillər qeyri-adı rakurslardan “işıqdağıtma” üsulu ilə çəkilmişdir. Bu üsulun məqsədi – müxtəlif bədən üzvləri arasındakı fərqi pozmaqdır, çünki onların hamısı Həyatın, Ruhun metaforası olan vahid Cismaniliyin “təmsilçiləridir”...