Beton Hüceyrədə Nüvə Külliyyati

Kuratoru Fərid Məmmədzadə olduğu MEQAPOLİS layihəsi çağdaş dövrün ən aktual mövzulardan birinə – müasir meqapolis şəhərin insanla mürəkkəb münasibətlərə işıq saçır. Bu mövzunun aktuallığı, həmçinin, fərdin ekzistensional təhlükəsizlik məsələsinin aşkar etməsi ilə, bəşər oğlunun mövcud olub-olmaması haqqında sualın qoyulması ilə izah oluna bilər. Sual verilə bilər ki: hər şey o dərəcədə ciddidirmi? Cavabı isə- bəli, hətta həddən ziyadə ciddidir...

 

 

İnsan çoxölçülü, polifonik məxluqatdır. Onun müəyyən bioloji növünə mənsubiyyəti dolaşıq antrololoji layihənin yalnız kiçik bir hissəsidir. “Homo sapiens” növünün mahiyyəti özünü onun şüur və düşüncəsində, ruhunun Əbədiyyət harayına səslənməsində büruzə verir. Öz növü ilə əlaqəli təyinatını yerinə yetirilməsi üçün o, təbiətlə ünsiyyətə, təbiət vasitəsilə də Kainatla və s. ünsiyyətə möhtacdır. Ruhi və mental sağlamlığının qorunması məqsədilə o, daima ayaqları altında Ana Məkanın hərarətini duymalıdır, onun başı isə, “səmayə dirənməlidir”. Lakin fərdi bir insanla təbiət öz səbəbsiz qeyzində amansızcasına davranır və bu qeyz faciəvi fəlakətlər və təbii qüvvələr vasitəsilə izhar olunur. Və o anda naçar insanı təbii ünsürlərin qəddarlığından qorumaq məqsədilə cəmiyyət, sosium peyda olur. Fəqət bədbəxtlikdən bu himayə əvəzinə bəşəriyyət daxili ahəngi itirməlidir, Varlığın daha dərin layları ilə əlaqələrini kəsməlidir, öz həqiqi mənliyindən əlini və ürəyini üzməlidir. Ümumiyyətlə, şəhər qaniçən sosium qəlibinin cövhərini təşkil edir. Çağdaş meqapolis bəşər enerjisi ilə qidalanan zülmkar sosiuma xas olan cümlə səciyyəvi xassələrin bir arada toplanması deməkdir. Meqapolis nadir texnoloji mükəmməllik baxımından çox möhtəşəm təşkil olunub. Onun inzibati-təsərrüfat infrastrukturu özünə eşq-əsaslı təkmilləşmə üçün nəzərdə tutulub. Lakin meqapolisə ruhani tələbatlara malik olan insan lazım deyil, hətta onun insan (vətəndaş) cəmiyyətinə də ehtiyacı yoxdur. Meqapolis rəiyyətə məftundur və səmasız insan axınları arzusundadır. Bu axınlar meqapolis tərəfindən riyazi cəhətdən qüsursuz meqapolis eyş- işrətin konfiqurasiyasına yönəldilir. Şəhər sosiumu insan qarşısında yalnız bir tələbi irəli sürür – mükəmməl bir qurğu olmaq, sadə funksiyaları yerinə yetirmək, urbanistik məkanın bəsit nüvəsinə çevrilmək. Bir sözlə, insan “şəhər izafi istehsalının” makrostrukturunun könüllü köləsin çevrilməlidir. Bu tələbin inkarı son nəticədə fərdi təcrid olunmağa, uğursuzluğa, və dəmir-beton fiqurların mənasız küyü ilə əhatə olunmaqla səmirsiz qeyb olmağa düçar edə bilər. Tələbin qəbulu isə təhkimçiliyə, və buna reaksiya olaraq, vaxtı uzadılmış xroniki depressiyadan əziyyətə, insanın həzin adiliyin durğunluğunda qərq olmasına gətirib çıxardır. İctimai həyatın tamamilə virtuallaşmasını nəzərə alaraq, hər bir canlı fərdin mövcudatını sosial şəbəkələr vasitəsilə özü barədə məlumatı ötürməsini bilərək, yekun nəticədə biz meqapolisin məzmunsuzlaşdırılmış sakininə rast gələ bilərik. Bu sakinin dəyərli enerji ehtiyatını təşkil edən həyat axarı şüursuz olaraq onun tərəfindən üzdən sosial fəallığın xülyasına qurban verilir. Beləliklə, iş, ev və virtual sosio-reallıq arasında parçalanan insan öz Daxili Mahiyyətini itirərək, yalnız ona yad olan və onun ruhani vücudunun qalıqlarını içəridən pozan Kənar Mahiyyəti nümayiş etdirməyə çalışır. Bir sözlə, şəhər sakini artıq çoxdan mövcud deyil, o, ruhani yuxudadır. Onun əvəzinə qəlib sosium homo sapiensin biomental təqlidini, müasir şəhər tərəfindən qəddarcasına əhliləşdirilmiş və şəhərin çiçiəklənməsi və genişlənməsi üçün nəzərdə tutulmuş məxluqatı ərsəyə gətirib. Fərid Məmmədzadənin kurator risaləsi müxtəlif nəsillərə mənsub olan iki rəssamın – Məmməd Mustafayev və Niyaz Nəcəfovun incəsənət əməkdaşlığının təqdimatına həsr olunub. İxtisasca memar olan Məmməd Mustafayev mikroformaların ciddi həndəsəsi həmin əsərləri sxematiklikdən xilas edən emosional səpələmələrlə bəzədilmiş struktur şairanə abstraksiya üslubunda yaradılmış əsərləri nümayiş etdirir. Lakin, buna baxmayaraq, onun əsərləri şəhərsalma plan cizgilərinə və qeyri-ixtiyari olaraq, kosmosdan şəhərin çəkilməsinə bənzəyir. Onun yaradıcılığı müasir insanı qərq edən şəhərsalma absolutun qütbünü təşkil edir. Onun əsərlərində insan qarşısında mövcud olması üçün irəli sürülmüş şərtlərin təzahürü sezilir. Niyaz Nəcəfovun yaradıcılığında isə biz (çox güman ki, kuratorun mülahizəsinə əsasən) belə bir mövcudatın nəticəsi ilə rastlaşırıq – öz alt şüurun qaranlıq dərinliklərini skan edərək, rəssam mental bədheybətlərin, marqinal insanabənzər əntər və idbarların, sanki meqapolis post-müasirliyinin məngənəsindən keçmiş məxluqatların təsviri ilə məşğuldur. Burada qrotesk öz məntiqi sərhədinə çatır və təcavüzkar səfehliyin qara dəliyinə çevrilir. Bu iki ekspozisiya qütblərini bir-birinə toqquşduraraq, kurator ümidsiz, bədbin bir nəticəni əldə edir. O, bir standart kimi qəbul edilən və hamının riayət etdiyi klaustrofobiya vəziyyətindən çıxış yolunu göstərən üçüncü ünsürü oyuna daxil etmir. Çox güman ki, kuratorun vəzifəsi hazır həlli təqdim edilməsini nəzərdə tutmur, o, tamaşaçının yaranan suallara özünün cavab tapmasını arzulayır? Və, bununla, tamaşaçını nümayiş olunan əsərlərin laqeyd istehlakçıdan performativ prosesin fəal üzvünə çevirməyə çalışır, çünki meqapolis reallığının “dözülməz xəfifliyi” hamımıza aiddir. O, sükunət içində qəfildən yaxınlaşır...

 

Teymur Daimi