GEOMƏDƏNİ FƏLAKƏTLƏR ÇALASI

 

 

Kimi  həyata inanır, kimi – ölümə. Mən ölümə inanıram.

Ölümə məhkum olunmuş qadının etiraflarından

 

XXI əsr çox sərt başladı – 11/09/01. Bu, bütöv bir dövr üçün “əvəzçıxma aksiyaları”,   arxasında kimin durub-durmamasından asılı olmayaraq, kifayət elədi ki, müasir dünyanı radikal şəkildə yenidən format edən maşın işə salınsın. Qərara alınmışdı ki, “terror yuvasından” – Şərqdən başlanılsın: əvvəlcə Əfqanıstan, sonra Yaxın Şərq, oralarda Fars körfəzi müharibələrinin sağalmaz yaraları açılmaqda idi. Amma bu hələ harası idi...

 

 

I dayanacaq: sayım nöqtəsi

Bu yerlərin sosiumunda baş verən ən güclü “tektonik təkanlar” 2011-ci ildə başladı: dillər əzbəri “ərəb baharı”nın xaos alovu, demək olar, bütün Şimali Afrikanı bürüdü,  bu günə qədər də qan içində boğulan İraq və Suriyanı  isə – xüsusi amansızlıqla yandırdı. Uzağı görə bilməyən dünya birliyi, guya demokratik niyyətlə, bu ölkələrdə avtoritar hakimiyyətin şaqulunu dağıtdı və... şüşədən cini – bu ölkələrin polietnik, çoxetiqadlı əhalisinin idarəolunmaz enerjisini azad etdi. Köhnə incikliklər, dini və etnik dözümsüzlüklər üzə çıxdı... Nəticədə, dünya, ağlagəlməz qəddarlıqla müşayiət olunan vətəndaş müharibələri qazandı: İraqda və daha şiddətli qəddarlıqla – Suriyada. Niyə? Çünki, məhz, bu darmadağın edilmiş ölkədə, sanki cəhənnəmin anti-materiya ənginliklərindən əmələ gəlmiş, radikal sələfilik(1) bayrağı altında ümumi dini təmizləmə aparan, İD (ya da DAİŞ) – “İslam dövləti” adı altında sirli hərbi - siyasi yeni birləşmə ən çox aktivlik nümayiş etdirir. Bu dəhşətli fəlakətlər ucbatından Suriyanın böyük bir hissəsi xarabalığa çevrilib, dinc əhalisi isə, arzuolunmaz qaçqınlıq taleyi ilə barışaraq, qorxu içində Avropaya cumub...

Allahın  unutduğu bu yerlərdən  hansı dəhşətli qasırğa keçdi ki, yüz minlərlə bədbəxti qaçıb xilas olmağa məcbur elədi? Bir vaxtların xeyir-dualı Şam (2) torpaqlarına indi axan o ideoloji maqmanın zalım mənbəyi haradadır?

 

                               

 

II dayanacaq: Tanatos vs Eros

Yaxın Şərqi əzab və kədər bürüdü, Qərb ölkələrini Suriya qaçqınları basdı. Bu sərt gerçəklik artıq Avropa dövlətlərinin başağrısına çevrilib. Niyə belə bir axın? Yuxarıda qeyd etdik ki, insanlar, vətəndaş müharibəsinin, İDİL-in və buna bənzər qruplaşmaların, o cümlədən, Bəşər Əsəd rejiminə qarşı silahlı müxalifətin dəhşətlərindən xilas olurdular. Amma fərqli düşünənlərin bu qədər qəzəblə məhv edilməsinin səbəbi nədədir? Axı, təkcə başqa dinin nümayəndələrini deyil, həm də müsəlman-şiələri qırırlar.

Bu cəhalətin səbəbi - qərb analitiklərinin qeyd etdiyi kimi - ölüm sivilizasiyasının mövcudluğundadır. Yox, bu, yaxşı təşkil olunmuş beynəlmiləl terror birliyinin sadəcə azğınlığı deyil. Bu, indi məlum olur ki, qlobal Cənubun(3) fundamental dünya qavramıdır, bu, onun cavabıdır, daha dəqiqi - Şimalın təqdim elədiyi həyat sivilizasiyasına kobudcasına meydan oxumaqdır.

Fikir verin, 2015-ci il noyabrın 13-də Parisin hansı obyektlərinə zərbə vuruldu: partlayışlar Sen Denidəki “Stad de Frans” stadionu qarşısında baş verdi, bir neçə restoranda və “Bataklan” konsert zalında atəş açıldı. Yəni, “əvəzçıxma əməliyyatları”na idmanı, yeməyi və kütləvi mədəniyyəti təmsil edən obyektlər – bir sözlə, əyləncə sənayesi tuş gəldi. Bu boş yerə deyil. Qlobal Cənub, bütün bəlalarının günahkarını çoxdandır ki, qlobal Şimalda görür. Varlı Şimal – “qızıl milyard” ölkələri, dünya ehtiyatlarının böyük payına və qabaqcıl texnologiyaların sahibləri, qloballaşma təşəbbüskarları, dünya maliyyəsini nəzarətdə saxlayanlar və s. – nikbin bədən kultunu ən geniş mənada elan edir. Burada ən əsas– tam mənası ilə epikürçülük və hedonizmdir: konformizm ideologiyası, əyləncə sənayesi, asudəçiliyin və zövq almanın inkişaf etmiş mədəniyyəti, hər şeyin yenisinin qarşısıalınmaz istehsalı və istehlakı... Bir sözlə, Erosun bolluq prinsipi. Bütün bunlar hədsiz  dərəcədə zəngin Şimalın “həyat vəsaitləri” deyilən məfhumunu təşkil edir. Dünya siyasətində oyun qaydalarını da məhz Şimal diktə edir, sivilizasiyanın naviqasiya xəritələri də məhz onun əlindədir.

Qlobal Cənub – Şimalın tam əksidir. Cənub – ümidsiz yoxsulların, məzlumların, əzilənlərin sanki vahid vətənidir. İnsanların məşəqqət yeridir. Onun ucsuz-bucaqsız genişliyində məskunlaşmış və köhnə adət  - ənənələrinə riayət edən çoxlu sayda insanlarını təkəbbürlü və lovğa Şimal qarşıdakı tərəqqiyə xoşagəlməz maneə kimi qavrayır. Əslində, Cənub heç vaxt Şimalın mənasız texnoloji qovhaqovuna qoşulmaq istəməyib. Maarifləndirmə dövrü öz təntənəli tərəqqi ideyalarıyla, siyasi azadlıqlarıyla, demokratik islahatları və insan hüquqlarıyla Cənubdan yan keçib. Eyni zamanda, Cənub heç də, dünya tarixindən çıxarılmaq istəmir: o, müasirliyə qoşulmağa can atır, üstəlik, Şimala bərabər bir oyunçu kimi.

Amma bu necə ola bilər? Şimalın şərtləri üzrə oynamaq mənasızdır – Cənub heç vaxt Şimala çata bilməyəcək: heç bir vəsait çatmaz, həm  də  vaxt da yoxdur. Yeganə variant qalır – qeyri-mütənasib və absurd: dəbdəbə içində yaşayan Şimalın qlamur “həyat vəsaitlərinə” qarşı Cənub, özünün xüsusi nihilistik “ölüm vəsaitlərini”, həyatı inkar edən strategiyaların zəhərli qarışığını qoyur. Yerdəki dünyanın əbədi dünya qarşısında faniliyi və əhəmiyyətsizliyi mövzusunda yanlış yozulmuş Quran ayələrindən, həmçinin özünü qurban verən şəhid və cihad ideyasının sərbəst, qətiyyən yolverilməz yozumlarından çox asanca insana nifrət ideologiyasını qurmaq olar! Bu da, çox təəssüf ki, işə yaradı. Çünki, birincisi, bu, çoxdan çeynənmiş “tarixin sonu”, “zamanın sonu” mövzusu ətrafında Qərb intellektuallarının yetərincə akademik düşüncələrinin təməlinə üzvi şəkildə oturdu. İkincisi, Erosla yanaşı, Tanatos da – insan təbiətinin dərin vektorlarından biridir. Ölüm mədəniyyətinin ənənəsi qədimdir. Sadəcə, vəziyyət və tale elə gətirdi ki, məhz bugünkü Suriyada bu ənənə, milyonlarla sadə vətəndaşı geomədəniyyət fəlakətinin çuxuruna dartaraq, apogeyə çatdı.

 

III dayanacaq: Troya atı, yoxsa Avropanın təzə qanı?

BMT-nin məlumatlarına görə, Suriya qaçqınlarının sayı artıq dörd milyona yaxındır. İlk baxışda, hamısı – dinc sakinlərdir. Amma kim bilir, onlar özlərilə Avropa ölkələrinə nə aparırlar? Axı, bu adamlar tamamilə fərqli, qeyri-avropa mədəniyyətlidirlər. Qəzəblənmiş adamlardırlar və passionarlıqdan da məhrum deyillər. Şübhələr var ki, aralarında Şimala qarşı konkret və heç də sülhsevər olmayan plana malik təcrübəli, döyüşlərdə bərkimiş cihadçılar az deyil. Bəlkə qaçqınların axını, bir növ, Troya atıdır və uzunmüddətli perspektivə hesablanmış tapşırıq alıb – terror güclərin, qərb sakini üçün o qədər xoş olmayan, operativ tapşırıqları yerinə yetirməsi üçün Avropaya yol açmaq?.. Hətta bu belə deyilsə də, onsuz da bir mədəniyyətə və bir dinə məxsus olan bu qədər sayda qaçqın, qərb dövlətlərinin humanitar sahəsində iz buraxmaya bilməz. Elə buradaca bir sual doğur: bəlkə bu, doymuş, yorulmuş və əslində, gerontokratik qərb cəmiyyəti üçün  yeni, təzə qandır? Axı, ənənəvi nikah institutlarının tənəzzülə uğraması, doğum sayının azalması, gender mövzusuna son dərəcə liberal, kişi ilə qadın arasındakı sərhədi silən yanaşma və s. ilə əlaqədar olaraq, bu mühitdə demoqrafiyanın pisləşdiyi haqda sosioloqlar da danışırlar. Və budur, dünyanın taleyi, xeyir və şərdən kənarda belə bir qəribə, qanlı çoxgedişli oyun törətdi, onun mənasını tutmaq olmur, sürüşüb əlimizdən qaçır, zira bizim dərrakəmizin miskin imkanlarını üstələyir. Kim bilir...

 

(1) Ərəb. سلف‎ «əcdadlar, qabaqkılar» – sünni islamda din xadimlərini birləşdirən, müxtəlif dövrlərdə “mömin əcdadlardan” öyrənməyə, erkən müsəlman icmasının həyat tərzinə və dininə çağırmış istiqamət

(2) Suriyanın klassik ərəb adı (الشام – aş-Şām)

(3) Bu məqalədə Ərəb Şərqi və Afrikanın geniş ərazilərinin şərti işarələnməsidir