Foto Şəkil Bir Obyekt Kimi

 

Müasirliyin ən səciyyəvi xüsusiyyəti getdikcə artan mürəkkəbliyin dinamikasıdır. Mürəkkəblik isə ölçülərin və aləmlərin məna müxtəlifliyini, çox ölçülüyünü,  çox təbəqəliliyini, paralelizmi ehtiva edir. Artıq XX əsrdə insanlar bir yox, bir neçə “dünya mənzərəsinin” doğruluğunu qəbul edir. Müasir incəsənət aləmində mürəkkəblik hər bir şeydə, lakin ilk növbədə incəsənət əsərlərinin nəinki vizual formasını, hətta da qavrama, onların ictimai yerlərdə təqdimat şərtlərini dəyişdirən texnoloji nou-haularda (yeniliklərdə) öz əksini tapmışdır.

 

 

 

 

Müasir mədəniyyətdə ən məşhur ixtiraların məhz qavrama şərtlərindəki dəyişikliklərlə, eləcə də  məkandakı “oyunlarla” bağlı olduğunu desəm heç də yanılmaram. Məsələn, bu gün çox məşhur olan üçölçülü (3D) filmləri və ya o dərəcədə məşhur olmayan, lakin buna baxmayaraq, eyni effektli təsviri formalar kateqoriyasından olan holoqrafik fotolar. Bədii əsərin şərti səciyyəsini kənar etməklə tamaşaçını sanki fiziki reallığın özü ilə qarşılaşdırmağa çalışırlar. Amma bu həcm-məkan formatı xalis əyləncəlilik, hoqqabazlıq, bir qədər səthi, demək olar ki sirk illüzionizmi çərçivəsindən kənara çıxmır. O, çox kommersiyalaşdırılmış və geniş kütlələri cəlb etmək üçün nəzərdə tutulmuşdur. Ötən əsrin başlanğıcına aid foto kollajlar yenilikçi və yaradıcı nöqteyi-nəzərlərindən daha maraqlı görünür. Ümumiyyətlə, erkən avanqard dövrlərində geniş yayılmış kollaj (montaj) bir üsul kimi Photoshop dövründə yenidən inanılmaz populyarlıq qazanmışdır. Rəqəmsal kollaj üsulu multi ekspozisiyalar vasitəsilə hər hansı mürəkkəb texnoloji təkmilləşmələr cəlb etmədən reallığın müxtəlif tərəflərini və cəhətlərini göstərməklə onun çox ölçülüyünü aşkar etməyə yardım edir. Fəxriyyə Məmmədovanın “Dua*s” layihəsini  bu və ya bunlara yaxın axtarışlar kontekstində nəzərdən keçirmək lazımdır.

 

F. Məmmədovanın foto obyektləri tamaşaçıda mini-idrak uyumsuzluğu doğura bilər – o, qarşısında nə görür: bir foto və ya minimalist heykəltəraşlıq əsəri? Onlara bir nəzər yetirək: (formalarına görə onların hamısı eynidir):  aralarında şəffaflığı, hərtərəfli qavramanı əldə etməyə imkan verən xüsusi rəqəmsal üsulla çap edilmiş iki müxtəlif şəkil yerləşdirilən (layihənin adı da burdan götürülüb) biri-birinə birləşdirilmiş üç üzvi şüşədən hazırlanmış kvadrat parçasından ibarət düzbucaqlı paralelepiped. Beləliklə, bu foto obyektə ön tərəfdən baxarkən biz biri-birinin üzərinə qoyulmuş iki foto görürük, yəni sanki ikili ekspozisiya əldə edirik.

 

Məkani həcmin və səthi təsvirin birləşdirilməsi – heç də yenilik deyil: çox vaxt heykəltəraşlıq əsərlərinin üzəri naxışlarla bəzənir, keramikada da əksər hallarda bəzəkli plastika ilə qarşılaşırıq – bu, dekorativ incəsənətin bir növü kimi keramikanın özünün xüsusiyyətidir. Lakin maddi plastikanın və fotoların birləşdirilməsi təsviri təcrübədə elə də tez-tez rast gəlinən hal deyil. Ancaq söhbət bir neçə şəkildən, üstəlik də F. Məmmədovanın təklif etdiyi təqdimatdan istifadə edilməsindən gedirsə, o zaman bu birləşməyə qeyri-trivial baxışdan danışmaq olar.

 

Foto və məkan obyekti. Daha dəqiq desək (dil kombinasiyalarına Heidegger meylindən ilhamlanaraq): foto bir obyekt kimi. Yeri gəlmişkən, bu işlər suvenirlik əlaməti daşıyan dizayner artefaktları qismində də qəbul edilə bilər. Bu mənada, bu foto obyektlər sırf praqmatik mənaya sahib ola bilər – onlardan interyer elementləri kimi və ya bənzər məqsədlər üçün istifadə edilə bilər. Lakin mənim fikrimə görə, onların bədii dəyəri məhz yanaşmada, fotonun məkanlaşdırılması texnikasında və ikili ekspozisiyanın yaradılmasındadır, o şərtlə ki, fotolar ikiölçülü müstəvidə qarışdırılmır, əksinə məkanda paralel olaraq və biri-birinə çox yaxın məsafədə (boşluqda) yerləşdirilir. Nəticədə nə baş verir? Və niyə bu halda ikili ekspozisiyanın ənənəvi  quruluşu haqqında danışmaq mümkün deyil?

 

Çünki burda bütün məsələ ikiölçülükdən üçölçülüyə çıxışı yaradan fotolar arasındakı məkan boşluğundadır. Deyək ki, ikili ekspozisiyaya sahib fotokağız üzərində adi şəkli müşahidə edəndə başa düşürük ki, biz müstəvidə birləşdirilmiş iki şəkli süni olaraq ayıra bilmərik. Kağızın iki ölçülü müstəvisi iki fotonu həmişəlik bir yerdə birləşdirir – onlar eyni bir “məkana” məxsusdur. Bu – “ikisi birində”dir. Lakin burda çox ölçülük yalnız və yalnız simvolik mənada həyata keçirilir. Müstəvi müstəvi olaraq qalır. Fəxriyyə Məmmədovanın etdikləri – iki ölçülüyün yarılması, fotoqrafik aləmlərinin öz vizual ölçülərində qorunmasıdır. Yəni onlar müstəqil qalaraq kəsişmirlər. İkiölçülü multi ekspozisiyaya sahib foto halında baxış bucağını dəyişərkən biz eyni şeyi görməyə davam edəcəyiksə, yəni heç nə dəyişməyəcəksə, üçölçülü ikili ekspozisiya halında biz dəyişikliklərə şahid olacağıq. Məsələn, belə bir foto obyektə yan tərəfdən, güclü bucaq altında baxsaq, gördüyümüz ön plandan görəcəyimizdən  fərqlənəcək, çünki öndəki foto sadəcə arxadakı ilə birləşdirilməyib, məsafədən məhz onun üzərinə qoyulub. Başqa sözlə sanki arxadakı fotonun “qabağını kəsir”. Baxış bucağını dəyişdirərək, biz müvafiq olaraq fotoların biri-birinə qarşı həndəsi nisbətini dəyişdiririk və o zaman həcmli “holoqrafik” effekt yaranır.

 

Bu texniki üsulun simvolik oxunuşu da maraqlıdır. Müasir dünyada həyatımızı bir çox ölçülərin (xüsusilə müasir fizikada, kvant mexanikasında çox sayda mübahisələr baş verir) toplusu kimi təsvir edən müxtəlif nəzəriyyələr məşhurdur. Belə ki, bu aləmlər və ölçülər yan-yana, paralel olaraq biri digərində “matryoşka” prinsipi üzrə mövcuddur. Amma birlikdə mövcud olmaqla, onlar kəsişmirlər. Xüsusi “bəsirət gözü ilə” qavrama şəffaflığını əldə etməklə  bu aləmlərin bir yerdə... biri-birinin üzərinə qoyulmuş, lakin biri-birinə toxunmayan, sanki özü-özlüyündə mövcud şəkildə, müstəqil və muxtar kainatlar kimi görmək olar.

 

Teymur Daimi